YÜKSƏK QİYMƏT TOVUZLULARI RUHLANDIRMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Həmid Bağırov tədbiri açaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tovuzlularla səmimi görüşləri bizim hər birimizə böyük təsir bağışlamışdır. Dövlətimizin başçısı İlham Əliyevin proqram xarakterli çıxışı hər bir tovuzlunun məsuliyyətini qat-qat artırmışdır.
Ölkəmizin rəhbəri İlham Əliyevin Azərbaycan regionlarının, eləcə də Tovuzun iqtisadi inkişafı üçün lazım olan bütün tədbirlərin həyata keçiriləcəyini bəyan etməsi, ümummilli liderimiz Heydər Əliyev siyasətinin qətiyyətlə və dönmədən irəliyə aparılmasının bariz nümunəsidir.
Çıxış edənlər Azərbaycanın digər bölgələri kimi, Tovuzun da inkişafına böyük təkan verəcək regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından (2004-2008-ci illər) irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayonda bütün imkanlardan istifadə ediləcəyini vurğulamışlar.
Sonda yığıncaq iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.