YUNANISTAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 11-də Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentdəki Heydər Əliyev zalında Yunanıstanın ölkəmizdəki səfiri Merkurios Karafotiası ölkəmizdə səlahiyyət müddətini başa vurması ilə əlaqədar qəbul etmişdir.
Milli Məclisin sədri demişdir ki, Azərbaycanla Yunanıstan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlətlərimiz başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər münasibətlərimizin genişlənməsində yeni mərhələ açmışdır. Parlamentlərarası əlaqələrimiz də inkişaf edir, deputatlarımız beynəlxalq qurumlarda çox zaman eyni mövqedən çıxış edirlər.
Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu sahədə ölkəmizin mövqeyi ilə bağlı ətraflı məlumat verdi. Dedi ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqların işğal faktını təsdiqləmiş və Ermənistandan zəbt etdiyi əraziləri boşaltmağı tələb etmişdir. Ermənistan isə hələ də öz işğalçı siyasətindən əl çəkməmişdir. Avropa Şurası Parlament Assambleyasının yanvarın 25-də keçiriləcək sessiyasında münaqişə ilə bağlı məruzə dinləniləcək və güman edirik ki, qurum bu dəfə də qəbul edəcəyi sənəddə Ermənistanı təcavüzkar ölkə kimi tanıyacaq və həmin qərar problemin həllinə təkan verəcəkdir.
Münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Yunanıstan dövlətinə minnətdarlıq edən Milli Məclisin sədri səfirə sonrakı diplomatik fəaliyyətində uğurlar arzuladı.
Səmimi qəbul və xoş sözlər üçün minnətdarlıq edən səfir Merkurios Karafotias demişdir ki, onun ölkəsi də Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Diplomat belə bir faktı vurğulamışdır ki, Yunanıstan parlamentinə ötən il keçirilən seçkilərdən sonra ilk iclasda Azərbaycan Respublikası Milli Məclisi ilə dostluq qrupunun yaradılması məsələsi dövlət büdcəsindən əvvəl müzakirə edilmişdir. Bu, rəsmi Afinanın Azərbaycana münasibətinə parlaq nümunədir.
Səfir onu da bildirdi ki, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana rəsmi səfəri nəzərdə tutulub və ümid edirik ki, bu səfər münasibətlərimizin inkişafında yeni mərhələ açacaqdır. Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və problemin beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Merkurios Karafotias diplomatik fəaliyyətini İran İslam Respublikasında davam etdirəcəyini bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.