YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRLƏRİ
Bu məqsədə nail olmaq üçün YUNESKO elm, təhsil, mədəniyyət və idman sahələrində onun ideyalarını yayan, təbliğ edən və sülhə xidmət göstərən fəaliyyətlərinə görə dünyanın görkəmli şəxsiyyətlərinin əməyini qiymətləndirən fəxri adlar təsis etmişdir. Bu titullar dörd kateqoriyadan ibarətdir: Xoşməramlı səfirlər, Xüsusi elçilər, Sülh sənətkarları və YUNESKO-nun idman çempionları.
Fəxri adlar beynəlxalq səviyyədə öz istedad və nüfuzlarını YUNESKO-nun ideya və məramlarının təbliğ edilməsinə və həyata keçirilməsinə həsr edən, incəsənət, mədəniyyət, elm və təhsil sahələrində öz töhfələrini verən və sosial xeyriyyəçiliklə məşğul olan şəxslərə verilir.
YUNESKO-nun hazırda sayı 41 nəfər olan Xoşməramlı səfirləri ictimaiyyətin diqqətini təşkilatın böyük əhəmiyyət verdiyi zamanın aktual problemlərinə cəlb olunmasında və sülh mədəniyyətinin təbliğində yaxından iştirak edirlər. Məşhur mədəniyyət xadimlərindən musiqiçi Mstislav Rostropoviç, moda ustası Pyer Karden, müğənni Monserat Kabalye, aktrisa Klaudia Kardinale, Mərakeş şahzadəsi Lalla Məryəm, Litva Prezidenti Valdas Adamkus, Lüksemburq Böyük hersoqunun xanımı Maria Tereza, fransız kosmonavtı Patrik Bodri, məşhur futbolçu Pele və digər tanınmış şəxslərin müxtəlif sahələrdəki fəaliyyəti YUNESKO-nun ideya və məramları ilə üst-üstə düşdüyü üçün onlar bu təşkilat tərəfindən Xoşməramlı səfir adına layiq görülmüşlər.
Xoşməramlı səfirlərin YUNESKO ilə əməkdaşlığı onun müxtəlif aksiya və layihələrinin həyata keçirilməsinə öz dəstəklərini verməkdən ibarətdir. Belə ki, YUNESKO-nun iqamətgahında təşkil edilmiş “Unudulmuş uşaqlara söz verin” adlı fotosərgi, Əfqanıstanın mədəni irsinin qorunması üzrə tədris mərkəzi, İraqda ali təhsil üzrə Beynəlxalq Fondun yaradılması, Banqladeşdə “Qadınların yoxsulluğunun qarşısının alınması”, “Su damcısı” və digər layihələr Xoşməramlı səfirlərin bilavasitə yardımı ilə reallaşdırılmışdır.