YUNİFEM-İN “DÜNYA QADINLARININ TƏRƏQQİSİ” HESABATI MÜZAKİRƏ EDİLMİŞDİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YUNİFEM-in Azərbaycandakı fəaliyyəti barədə məlumat vermiş, keçən il fondla “Qanunvericilik və siyasət çərçivəsində qadın hüquqları və gender bərabərliyinin dəstəklənməsi”nə dair anlaşma protokolunun imzalandığını diqqətə çarpdırmışdır. O, anlaşma protokolu çərçivəsində gender bərabərliyi strategiyasının, eyni zamanda, Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramına daxil edilmiş gender sektoru üzrə 4 illik fəaliyyət planının hazırlanacağını söyləmiş, bu planın icrasına cavabdeh olacaq Nazirliklərarası Şuranın yaradılacağını bildirmişdir.
Azərbaycanda səfərdə olan YUNİFEM-in icraçı direktoru xanım Noelin Heyzer “Dünya qadınlarının tərəqqisi – XXI əsrin qlobal tələbləri” mövzusunda çıxış etmiş, qeyri-sabit iqtisadiyyat şəraitində yaşayan qadınların yoxsulluq təhlükəsi ilə üzləşdiyini, əsasən, etibarsız və azmaaşlı işlərdə çalışdıqlarını bildirmişdir. O, yoxsulluğun azaldılması və gender bərabərsizliyinın aradan qaldırılması üçün qadınlara normal iş imkanları yaradılmasının vacibliyini vurğulamışdır.
YUNİFEM-in MDB üzrə regional proqramının direktoru Damira Sartbayeva “MDB məkanında YUNİFEM-in strategiyaları - qadınlar, yoxsulluq və gələcək istiqamətlər”i haqqında danışmışdır.
YUNİFEM-in Azərbaycan üzrə baş texniki məsləhətçisi xanım Kristin Arab “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsi çərçivəsində əldə edilən nailiyyətlərdən danışmış, layihə üzrə milli əlaqələndirici Gülşən Paşayeva ölkədə məcburi köçkün qadınların vəziyyəti barədə məlumat vermişdir.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilmiş, Azərbaycan qadınlarının məşğulluğu ilə əlaqədar məsələlər müzakirə edilmişdir.