CƏMİYYƏT
Zaqatalada çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki regional bölməsinin əməkdaşları Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında Layıcova Könül Məhəmməd qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama aparıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.