Zaqatalada dövlət qulluğunda fərqlənənlər mükafatlandırılmışlar
Zaqatala, 23 iyun (AZƏRTAC, Mustafa Dadaşov). Zaqatala Rayon İcra Hakimiyyətində 23 iyun- dövlət qulluqçularının peşə bayramı günü münasibətilə yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun dövlət qulluqçuları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi parkda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda çıxış edənlər dövlət qulluqçularının təşkili prosesinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlı olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Ulu Öndər dövlət idarəçiliyi üçün peşəkar kadrların hazırlanması və formalaşdırılması, kadrların düzgün yerləşdirilməsi, dövlət orqanlarında çalışanların yüksək keyfiyyətə malik olmaları məsələlərinə daim böyük önəm vermişdir. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə dövlət qulluğu islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında vəzifə bölgüsünü, dövlət qulluqçularının öz funksiya və vəzifələrinin yerinə yetirilməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmışdır. Bu Qanun, həmçinin dövlət qulluqçusunun işinin səmərəliliyini qiymətləndirən, işçinin fərdi keyfiyyətindən, peşəkarlıq səviyyəsindən asılılığını təmin edən nəzarət sisteminin formalaşdırılmasına imkan vermişdir.
Yığıncaqda çıxış edən dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün öhdələrinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərini, dövlətimizə və xalqımıza vicdanla xidmət edəcəklərini bildirmişlər.
Tədbirin sonunda dövlət orqanlarında uzun müddət səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.