Zaqatalalılar soyqırımı qurbanlarının xatirəsini anmışlar
Zaqatala, 31 mart (AZƏRTAC, Mustafa Dadaşov). Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Zaqatala şəhərindəki soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə “Yaddaşlara yazılan tarix” adlı anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə abidənin önünə gül-çiçək düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə qeyd olunmuşdur ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Azərbaycan əhalisi 4 dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə və deportasiyaya məruz qalmışlar. XIX əsrin sonları, XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.
Qeyd olunmuşdur ki, 1918-ci ilin mart soyqırımı isə xalqımıza qarşı törədilmiş ən dəhşətli təcavüzlərdən biri olmuşdur. 1918-ci il martın 31-də və sonrakı bir neçə gün ərzində təpədən dırnağadək silahlanmış erməni daşnakları Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər ərazilərində on minlərlə günahsız insanı - qoca, cavan, qadın və uşağı qətlə yetirmişlər.
Bildirilmişdir ki, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti indi də davam etdirilir. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla torpaqlarımızın 20 faizi zəbt olunmuş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın soydaşımız doğma torpaqlarından qovulmuşdur.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamış, son illər dövlətimizin başçısı tərəfindən xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparıldığını bildirmişlər.