ZƏFƏR BAYRAMI VƏ TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ ŞƏRƏFİNƏ
Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri günü münasibətilə avqustun 30-da “Gülüstan” sarayında qəbul təşkil etmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qəbulda Türkiyə və Azərbaycan silahlı qüvvələrinin nümayəndələri, Milli Məclisin deputatları, siyasi partiyaların təmsilçiləri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Türkiyənin Azərbaycandakı səfirliyinin Silahlı Qüvvələr attaşesi general-mayor Ömər Bayraklı qonaqları səmimi salamlayaraq, Türkiyə Silahlı Qüvvələrinin şanlı tarixindən danışdı və bildirdi ki, son illər bu bayram Azərbaycanda da qeyd olunur. Bu ənənənin əsasını Heydər Əliyev və Süleyman Dəmirəl qoymuşlar. General hər iki ölkənin istiqlalı uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsini minnətdarlıqla yad etdi, onlara Tanrıdan rəhmət dilədi.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev çıxışında xatırlatdı ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Türkiyədə istiqlal uğrunda aparılan mübarizədə Azərbaycan oğulları da iştirak etmişlər. Onlardan ikisi - Səməd Rəfibəyov və Cavanşir Novruzov sonralar türk ordusunda general rütbəsinədək yüksəlmişdir. Azərbaycan xalqı da onun istiqlalı uğrunda şəhid olmuş türk əsgərlərini heç vaxt unutmayacaqdır. Ümummilli liderimiz Heydər Əliyev 2002-ci il iyunun 27-də Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı çıxışında demişdir: “Biz türk ordusu ilə fəxr edirik. Azərbaycanda türk ordusuna böyük sevgi, məhəbbət həmişə yaşayır”.
S.Əbiyev ölkəmiz yenidən müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda Türkiyə Silahlı Qüvvələrinin tarixi təcrübəsindən istifadə olunduğunu bildirərək, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mövcud vəziyyətini yüksək qiymətləndirdi.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin prinsipial mövqeyini, siyasi dəstəyini minnətdarlıqla vurğuladı və bildirdi ki, xalqımız bir qarış torpağını da Ermənistanın işğalı altında qoymayacaqdır.
Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdi.