Zərifə Quliyeva: Qüdrətli, qalib xalqın nümayəndələri olduğumuz üçün fəxr edirik
Bakı, 16 oktyabr, AZƏRTAC
Uğurumuz münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Biz qüdrətli, qalib xalqın nümayəndələri olduğumuz üçün fəxr edirik. Prezident İlham Əliyev Ulu Öndərin layiqli varisi kimi məhz 100 illik yubileyi ilində Ümummilli Liderin arzularını reallaşdırmağa müvəffəq oldu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib.
Azərbaycan xalqının öz Lideri ilə qürur duyduğunu vurğulayan Z.Quliyeva bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 15-də - ölkəmizə rəhbər seçilməsinin 20-ci ilinin tamam olduğu gündə Xankəndidə, Xocalıda, Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması möhtəşəm Zəfərimizin kulminasiya nöqtəsi oldu.
“Xanın kəndində, Xocalıda üçrəngli Bayrağımızın ucaldılmasının rəmzi mənası var. Biz ermənilərə və dünyaya sübut etdik ki, Azərbaycan xanının kəndi elə azərbaycanlıların olmalıdır. Xocalıda qətlə yetirilən günahsız insanların ruhu indi şaddır.
Dövlətimizin başçısı qürurumuzu özümüzə qaytardı. Hamımız ona minnətdarıq”, - deyə Zərifə Quliyeva vurğulayıb.
QHT sədri diqqətə çatdırıb ki, hər birimiz Prezidentimizin ətrafında daha da sıx birləşməli, Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinə öz töhfəmizi verməliyik.