ZEYNƏB CAVADLI BOLQARISTANDA BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan gimnastı Zeynəb Cavadlı Bolqarıstanda keçirilən beynəlxalq turnirdə çoxnövçülükdə 3-cü yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Zeynəb ayrı-ayrı finallarda bürünc mükafatı yalnız lentlə hərəkətlərə görə almışdır. İp və gürzlə hərəkətlərdə cüzi fərqlə 4-cü, halqa ilə hərəkətlərdə isə 6-cı nəticəni göstərmişdir.
Gənc gimnast demişdir: “Bu turnir Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində mənim üçün bir növ məşq olmuşdur. Mükafat qazanmış yerli gimnastlar tamamilə yeni proqram nümayiş etdirmiş, mən isə çoxnövçülükdə ötən il yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı belaruslu Mariya Yuşkeviçi qabaqlaya bilmişəm. Yeri gəlmişkən, təşkilatçılar yenə də məni “Zəriflik pərisi” elan etmişlər. Planlara gəldikdə isə, Avropa çempionatından əvvəl iyunun ortalarında İtaliya turnirində iştirak edəcəyəm”.
Başlanmasına artıq 3 həftə qalmış Avropa çempionatına digər gimnastlarımızın hazırlanması da ön plandadır.
İyunun 8-9-da İsrailin Holon şəhərində Qran-pri yarışlarının növbəti mərhələsi olacaqdır. Burada Aliyə Qarayeva, Anna Qurbanova və Dinara Gimatova iştirak edəcəklər. Bundan əlavə, Holonda beynəlxalq turnir də keçiriləcəkdir. Ölkəmizi yarışda Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası təmsil edəcəkdir.
Yaşlılardan ibarət qrup komandamız isə iyunun 9-10-da lisenziyalı dünya çempionatında iştirak etmək üçün Genuya şəhərinə yola düşəcəkdir.
İtaliya yarışından əvvəl komandamız reytinq cədvəlindəki mövqeyini daha da yaxşılaşdıraraq, qarışıq təmrinlərdə bir pillə irəliləmişdir. Komandamız 23,17 xalla 12-ci, 5 eyni alətlə hərəkətlərə görə isə 42,3 xalla 9-cu yerdədir.