REGİONLAR
Qaxda “kütləvi çıxarış” kampaniyasından 120-yə yaxın rayon sakini yararlanıb VİDEO
Qax, 3 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyasından bu dəfə Qax rayonunun Qum və ətraf kəndlərin sakinləri yararlanıblar. Fevralın 3-də təşkil edilən kampaniya çərçivəsində 50-ə yaxın vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, sənədlər sakinlərə mobil ofislər vasitəsi ilə birbaşa yaşadıqları məntəqələrdə təqdim edilib. Vətəndaşlara verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı və həyətyanı torpaq sahələrini əhatə edib. Kampaniya zamanı rayon sakinləri əvvəllər digər qurumlar tərəfindən onların əmlakları və torpaq sahələrinə dair verilmiş vəsiqə və şəhadətnamələri də çıxarış sənədi ilə əvəz ediblər.
Kampaniya çərçivəsində, eyni zamanda, Qum və ətraf kəndlərin 35-ə yaxın sakinindən çıxarış sənədinin hazırlanması üçün əmlaklarına dair ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı ilə bağlı məlumat verilib.
Bundan əlavə, kampaniya zamanı əmlaklarını qeydiyyatdan keçirmək üçün qeydiyyat prosedurları və ilkin hüquq müəyyənedici sənədlərin toplanması ilə bağlı müraciət edən 30-a yaxın rayon sakininə də operativ qaydada hüquqi yardım xidmətləri göstərilib. Vətəndaşların qeydiyyatla bağlı sualları cavablandırılıb, onlara hüququ istiqamət verilib.
“Kütləvi çıxarış” kampaniyasından yararlanan rayon sakinləri prosesin sadə və rahat olmasından məmnunluqlarını ifadə ediblər.
Komitədən bildiriblər ki, qurum tərəfindən paytaxtla yanaşı, regionlarda da davamlı olaraq həyata keçirilən bu sosial kampaniya insanların çıxarışlar və digər qeydiyyat xidmətləri üçün ərazi idarələrinə getməklə bağlı əlavə vaxt itkisinin qarşısını alır. Burada başlıca məqsəd qeydiyyat xidmətlərinin birbaşa olaraq vətəndaşların ünvanına və yaşadığı məntəqələrə çatdırılmasıdır. Kampaniyanın digər məqsədlərindən biri də əhaliyə göstərilən qeydiyyat xidmətlərinin daha operativ və rahat üsulla həyata keçirilməsidir. “Kütləvi çıxarış” kampaniyası nəinki şəhər və rayon mərkəzlərinin, eyni zamanda, kənar və ucqar bölgələrdəki əmlak sahiblərinin də qeydiyyat xidmətlərindən bəhrələnməsi üçün bir vasitə olur, vətəndaş razılığının yüksəlməsinə gətirib çıxarır.
Qeyd edək ki, “kütləvi çıxarış” kampaniyası ilə paralel olaraq, Komitənin digər sosial layihəsi olan “Mobil Ofis Xidməti” də gündəlik vətəndaşların ünvanlarına gedərək, fərdi qaydada qeydiyyat xidmətləri göstərir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Mobil ofis xidmətləri vasitəsilə indiyədək 72 minə yaxın müraciət təmin olunub.
“Kütləvi çıxarış” kampaniyasının əsas üstünlüyü ondadır ki, sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər çıxarış almaq üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının əsasında həyata keçirilir. Rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Vətəndaş xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənmək üçün komitənin rəsmi saytında (emdk.gov.az) yeni yaradılan “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatorundan istifadə edə bilər. Belə ki, məbləğin əvvəlcədən dəqiq bilinməsi sənədləşdirmə işi üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir.
Eyni zamanda, vətəndaşlar, fiziki və hüquqi şəxslər komitənin 31 elektron xidmətindən də faydalanır. İndiyədək elektron xidmətlər vasitəsilə 500 minə yaxın müraciət qəbul olunub və icra edilib.