Ağsuda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Ağsu rayonu ərazisində, uzunluğu 29 kilometr, eni 6 metr olan 4-cü texniki dərəcəli Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək.
Hazırda sözügedən ərazidə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılıb. Torpaq işləri tam başa çatandan sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyünün salınması işlərinə başlanılacaq. Ümumilikdə, 170 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6 metr, uzunluğu 9 metr, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir.
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd olunub ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcək.