Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən yenidən qurulması işlərinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndiriləcək.
Hazırda yol boyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Torpaq işləri bitdikdən sonra yola ikiqat asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 12 santimetr olmaqla yolun 100 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, mövcud avtomobil körpüsü isə əsaslı şəkildə bərpa ediləcək. Tikinti işləri bitdikdən sonra isə yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 37 ədəd yol nişanı qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması 6 yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.