Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Salyan rayonunun 16 kilometrlik Qaraçalar-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri aparılır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə isə xüsusi qum-çınqıl qarışığından ibarət material tökülərək yenidən kipləşdirmə işləri görülür. Daha sonra yol geyiminin əsasının tikintisi işləri aparılacaq. Yol əsası qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət olacaq.
Layihəyə əsasən, yol bir gediş və bir gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət zolaqlarının eni 3 metr, ümumi hərəkət hissəsinin eni 6 metr təşkil edəcək.
Torpaq işləri tamamlanqıqdan sonra yolun asfaltlanması işləri planlaşdırılır. Ümumilikdə, təqribən 100 min kvadratmetr sahə asfaltlanacaq.
Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 54 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol kənarına təhlükəsizlik dirəkləri qoyulacaq və yola üfüqi nişanlama xətləri çəkiləcək. Bundan başqa, yolun altından suların ötürülməsi üçün 6 yerdə uzunluğu 12 metr olan dəmir borular da quraşdırılacaq.
Kənd yolunun tikintisi ilə 4 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.