REGİONLAR
Ağdamda çiyid səpininə başlanılıb VİDEO
Ağdam, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda çiyid səpininə başlanılıb.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Allahverən Əliyev AZƏRTAC-a bildirib ki, əgər ötən il rayon ərazisində 351 hektarda pambıq əkilmişdisə, bu il üç min hektardan artıq sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Artıq 3025 hektar sahə şumlanıb, malalanıb və səpinə hazır vəziyyətə gətirilib. Əsasən “CTS Aqro” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “Ağdam Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlayan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Rayonun pambıqçılıq sahəsində ən nümunəvi fermerlərindən olan Üçoğlan kənd sakini Həsrət Səfərov deyib ki, ötən il 53 hektarda pambıq becərib və yüksək nəticəyə nail olub. Bu il isə çiyid səpinini 280 hektara çatdıracaq. “Ölkəmizdə pambıqçılığın dirçəldilməsi kənd sakinlərinin sevincinə səbəb olub. Çünki pambıqçılığın inkişafı həm də kənd sakinlərinin məşğulluğunun təmin olunması, maddi rifah halının yaxşılaşması deməkdir. Biz kənd əməkçiləri də yaradılan bu şərait müqabilində yüksək məhsul istehsalına nail olmağa çalışacağıq” – deyə fermer bildirib.