Saatlıda daha bir avtomobil yolunun yenidən qurulmasına başlanılıb VİDEO
Bakı, 13 aprel, Elvin Camalov, AZƏRTAC
Saatlıda daha bir avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun olaraq Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun yenidən qurulması işlərinə start verib.
Yolun yenidən qurulması Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzində xüsusi material tökülərək yenidən kipləşdirilib. Yenidən qurulan yol əvvəllər torpaq və çınqıl örtüklü olub. Uzunluğu 14 kilometr, eni isə 10 metr olan yol dördüncü texniki dərəcəyə uyğun bərpa edilir. Layihə çərçivəsində iki hərəkət zolaqlı yolun çiyinlərinin eni 2 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yolun 85 min kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur. Eyni zamanda, suların ötürülməsi üçün 31 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq.
Qeyd edək ki, 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələrindən biridir.