İQTİSADİYYAT
Azərbaycanın “Xəzər dalğaları” şərabı Tokio festivalında birinci yerə layiq görülüb VİDEO
Tokio, 14 aprel, AZƏRTAC
Tokionun “Okura” otelində Yaponiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan), Sərgi Avropa (Moldova) və Məğrib (Tunis) ölkələrinin iştirakı ilə “Şərab Dostluğu Möhkəmləndirir - Azərbaycan, Gürcüstan, Moldova və Tunis şərablarını kəşf et” adlı festival keçirilib. Azərbaycan tədbirdə yüksək səviyyədə təmsil olunub.
Tədbirdə Yaponiyanın yüksək səviyyəli dövlət rəsmiləri, ictimai-siyasi dairələrin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri, şərab sənayesinin təmsilçiləri iştirak ediblər.
Festivalda Yaponiyanın xarici işlər nazirinin müavini Motome Takezava ölkəsində ilk dəfə belə tədbirin təşkil olunduğunu bildirib, bu cür festivalların xalqlar və dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb. Nazir müavini təşəbbüsü dəstəkləyən ölkələrə minnətdarlığını bildirib və qeyd edib ki, bu tədbir həmin ölkələrin şərablarını Yaponiyada tanıtmaq baxımından da əhəmiyyətli olacaq.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizdə şərabçılığın inkişafından danışıb. Diplomat Azərbaycanın yalnız neft və qaz ixracatçısı deyil, həm də artıq gözəl şərab istehsalçısı kimi də dünya bazarlarına çıxdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan şərablarının bu festivalda təqdim edilməsi cari ildə qeyd olunan Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25-ci ildönümünə ən yaxşı töhfədir.
Azərbaycan şərabları barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə fikirlərini bölüşən xarici işlər nazirinin müavini Motome Takezava, Yaponiya Turizm Assosiasiyasının prezidenti Tadaşi Şimura, “Pavone” jurnalının baş redaktoru Akira Matsuda ölkəmizin məhsullarının keyfiyyəti ilə diqqəti cəlb etdiyini vurğulayıblar. Qeyd ediblər ki, “Made in Azerbaijan” brendi olan şərablarımız artıq Yaponiya bazarında mövqeyini möhkəmləndirməkdədir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin artması ilə yanaşı, dost xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına mühüm təsir göstərəcək.
Tədbir zamanı peşəkar somelyelər tərəfindən keçirilən müsabiqədə Azərbaycanın “Xəzər dalğaları” ağ şərabı birinci yerə layiq görülüb.
Festivalda təqdim edilən şərablar Azərbaycan Nazirlər Kabinetinin, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin, AzPromo və “Silkway” şirkətlərinin dəstəyi ilə Yaponiyaya çatdırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio