Azərbaycan ilə İndoneziya arasında biznes əlaqələrinin inkişafı üçün böyük perspektiv var VİDEO
Quba, 3 may, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan və İndoneziya arasında ikitərəfli biznes əlaqələrinin inkişafı üçün ölkələrimiz böyük perspektivə malikdir. Turizm, kənd təsərrüfatı, dəniz məhsulları, maşınqayırma sənayesi və başqa gəlirli sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün iş adamları birgə layihələr həyata keçirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 3-də Qubada keçirilən Azərbaycan-İndoneziya biznes forumunda səsləndirilib.
Biznes forumda iki ölkə arasında işgüzar əlaqələrin artırılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən indoneziyalı sahibkarlar və yerli iş adamları iştirak edib.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani respublikamızın dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edərək, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri haqqında danışıb.
Hüsnan Bəy Fanani bildirib ki, indoneziyalı iş adamlarını Azərbaycana gətirməkdə əsas məqsəd onları buradakı biznes mühit haqqında məlumatlandırmaqdır. Səfirlik tərəfindən, eyni zamanda, azərbaycanlı sahibkarların da İndoneziyaya işgüzar səfərləri təşkil olunur. Ötən ilin oktyabrında 30 azərbaycanlı biznesmen Cakartada “Trade Expo Indonesia” sərgisində iştirak etmək imkanı qazanıb. Bu il də iş adamlarının İndoneziyaya göndərilməsi nəzərdə tutulub.
Ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələlərinin də müzakirə edildiyi forumda, potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.
Forumda İndoneziya iqtisadiyyatının əsasını təşkil edən müxtəlif sahələr haqqında videoçarxlar nümayiş etdirilib, iş adamlarına biznes imkanlar haqqında ətraflı məlumat verilib.