İDMAN
Bakıda mini futbol üzrə “Huawei Tərəfdaşlıq Kuboku-2017” layihəsinin açılış mərasimi keçirilib VİDEO
Bakı, 30 avqust, Pərvanə Rəhimova, AZƏRTAC
Avqustun 30-da “Huawei Azərbaycan” şirkətində “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini-futbol turnirinin açılış mərasimi keçirilib. Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir.
AZƏRTAC xəbər verir ki, “Huawei Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun tədbirdə çıxış edərək 30 illik tarixi olan “Huawei” şirkətinin artıq 16 ildir Azərbaycanda fəaliyyət göstərdiyini bildirib. Keçən il şirkət “Gözəl Azərbaycan” sosial layihəsini həyata keçirib. Bu il həmin sosial layihənin davamı olaraq “Huawei” şirkəti mini-futbol üzrə “Huawei Tərəfdaşlıq Kuboku-2017” idman layihəsini həyata keçirir. Layihə çərçivəsində şirkətin 12 tərəfdaş komandası, o cümlədən “Huawei” əməkdaşları yarışacaq.
Cao Zejun vurğulayıb ki, “Huawei Tərəfdaşlıq Kuboku-2017” layihəsi tərəfdaşlıq əlaqələrinin inkişafına, habelə şirkətlərin futbol komandalarının nümayəndələri arasında dostluq münasibətlərinin dərinləşməsinə yönəlib.
Tədbir çərçivəsində “Huawei Tərəfdaşlıq Kuboku-2017” layihəsinin təqdimatı keçirilib. Qeyd edilib ki, Huawei, Daxili İşlər Nazirliyinin baş informasiya-kommunikasiya idarəsi, AZƏRTAC, Smartcom, Azerconnect A, Azercell, Norm, Ultra, Baktelekom, Azerconnect B, Faber və Aztelekomu təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda yarışacaq. Hər komandanın heyətinə 15 oyunçu və bir kapitan daxildir. Matça FIFA üzrə Azərbaycan referisi Yusif Nurullayev hakimlik edəcək.
Daha sonra tədbirdə “A” və “B” qruplarında çıxış etmək üzrə komandalar arasında püşkatma keçirilib. Hər qrupda 6 komanda yarışacaq. Finalda hər qrupun qalibi “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mübarizə aparacaq.
Sonda “Huawei Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun “Huawei Tərəfdaşlıq Kuboku-2017” layihəsinə başlanılması münasibətilə tort kəsib və turnir iştirakçılarına uğurlar arzulayıb.