“Şəki-İpək” ASC-də indiyədək 8 tondan çox yüksək keyfiyyətli xam ipək istehsal olunub VİDEO
Şəki, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızda ənənəvi sahələrdən olan baramaçılığın Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. İyulun əvvəlində müəssisənin baramaaçan istehsalatı işə salınıb və burada yenidən xam ipək istehsalına başlanılıb. Avqustun əvvəlindən etibarən isə müəssisənin burucu və toxucu istehsalatlarının fəaliyyətləri də bərpa olunub.
Səhmdar cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlər artıq öz müsbət nəticəsini verir. Mövsümün əvvəlindən indiyədək baramaaçan istehsalatında 8 tondan artıq yüksək keyfiyyətli xam ipək istehsal edilib. Ötən il isə müəssisədə il ərzində cəmi 9 ton xam ipək istehsal olunmuşdu.
Cəmiyyətin idarə heyəti sədrinin müşaviri Teymur Musayev deyib: “2017-ci ildə respublikamızda yaş barama istehsalının ötən illə müəssisədə 3,5 dəfəyə yaxın artaraq 244 tona çatması onu deməyə əsas verir ki, cari ildə müəssisənin xammal sarıdan heç bir problemi olmayacaq. Bu il müəssisədə xam ipək istehsalının 30 tona çatdırılması nəzərdə tutulur”.