REGİONLAR
Xaçmazın telekommunikasiya infrastrukturu yenidən qurulub VİDEO
Xaçmaz, 27 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədilə Xaçmaz rayonunun bütün ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəzlənib.
AZƏRTAC xəbər verir ki, genişzolaqlı şəbəkənin tətbiqinin artırılmasına xidmət edəcək yenidənqurma işləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində görülür.
Müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi üçün şəbəkənin modernləşdirilməsi istiqamətində işlər artıq tamamlanıb.
Elektron ATS-lər müasir “Multi-Servis Access Node” (Çox Xidmətli Qoşulma Avadanlığı) tipli avadanlıqlarla əvəzlənib. Quraşdırılmadan sonra şəbəkədə montaj tutumu 30 faizdən çox artaraq, əlavə iki dəfədən artıq müştəriyə internet xidmətlərindən faydalanmaq imkanı yaradılıb. Hazırda yeni quraşdırılmış ONU avadanlıqlarının daxili xətt şəbəkələrində tikinti-genişləndirmə işləri aparılır.
“Aztelekom” MMC-nin marketinq şöbəsinin rəisi Emin Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, respublika ərazisində telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar işlər sürətlə davam etdirilir. “Aztelekom” MMC regionlarda telekommunikasiya infrastrukturunun son texnologiyalar əsasında yenidən qurulmasını həyata keçirir. Xaçmaz və Xudat ərazisində yerləşən 8 yaşayış məntəqəsinə ilk dəfə telekommunikasiya xətləri çəkilib. Bu ərazilərdə 600-dən çox dirək basdırılıb, ümumilikdə, 40 kilometrədək kabel çəkilib.
Pilot layihə üzrə işlər başa çatdırıldıqdan sonra əlavə 1500-ə yaxın abonentin telefon və yüksəksürətli internet xidmətinə olan tələbatının ödənilməsinə imkan yaradılacaq.