Əl işi Vyanada sərgilənən lahıclı sənətkar VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın misgərlik paytaxtı hesab olunur. Qədim misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların yaşadığı qəsəbədə fəaliyyət göstərən adlı-sanlı ustalardan biri də Nəzər Əliyevdir.
AZƏRTAC xəbər verir ki, Nəzər usta Lahıcın mərkəzi küçəsindəki emalatxanasında Bakıdan aldığı xammal ilə müxtəlif mis məmulatlar hazırlayır. O, qədim əl işlərini daim araşdırır, onların naxışlarında istifadə olunan milli ornamentləri müəyyənləşdirir və hazırladığı əl işlərində istifadə edir.
Onun əl işləri Lahıc qəsəbəsinə səfər edən turistlər tərəfindən böyük maraqla qarşılanır və alınır.
Lakin turist səfərlərinin mövsümi xarakter daşıması Nəzər ustanın ailə biznesinin də mövsümi xarakter almasına səbəb olub. Bu sahədə fəaliyyətini genişləndirmək və ilboyu əl işlərinin hazırlanması ilə məşğul olub, daha çox qazanc götürmək məqsədilə Nəzər Əliyev “ABAD”a müraciət edib. “ABAD” da onun müraciətini dəyərləndirərək, Nəzər ustanın əl işlərinin Bakıda satışına öz dəstəyini göstərir.
Hər bir Lahıc sakininin sənətkarlıq qabiliyyətinə malik olduğunu bildirən Nəzər usta deyir: “6 yaşımdan babam, atam və əmimlə birlikdə şəxsi emalatxanamızda birgə işləyərək misgərlik sənətini öyrənməyə başlamışam. Lahıc qəsəbəsinə xas olan bir çox sənətkarlıq sahəsi üzrə təcrübəm var. Hətta toxucu olan anamla birgə xalça da toxumuşam”.
Qeyd edək ki, Nəzər ustanın əl işləri indiyədək bir çox sərgilərdə nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb. O, bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Onun ən uğurlu əl işlərindən biri isə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş nar festivalında sərgilənən mis nar olub.
Nəzər Əliyevin əl işləri, həmçinin “ABAD” sənətkarlıq mərkəzlərində də təqdim edilir.