Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini anır VİDEO
Bu gün Xocalı soyqırımından 26 il ötür
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 26 ili tamam olur. Fevralın 26-da bununla bağlı minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış abidəni ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ziyarətdə iştirak edən insanların müsahibələrində bu faciənin səbəbkarı olanlara dərin nifrət hissi ilə yanaşı, həm də onların gec-tez öz layiqli cəzalarını alacaqlarına inam ifadə olunub.
Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan bu ziyarət bir daha sübut etdi ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaqdır.
Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edildi. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər girov götürüldü, 197 nəfərin isə taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı.
Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin böyük izdihamla yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.