QAN YADDAŞI
Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xocalı soyqırımı qurbanlarının xatirəsi Sumqayıt şəhərində də anılıb. Anım mərasimində əvvəlcə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, minlərlə
sumqayıtlı Şəhidlər xiyabanı memorial kompleksinə gələrək, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına tər qərənfillər düzüblər.
Bildirilib ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi qeyd olunmalıdır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası keçirilir. Xocalı soyqırımı artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən icra hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb.
Xocalı sakinləri Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər.