Bədii gimnastika üzrə 6-cı Dünya Kuboku yarışlarının sonuncu günü qaliblər mükafatlandırılıb VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
Bədii gimnastika üzrə 6-cı Dünya Kuboku yarışlarının sonuncu günü qrup hərəkətləri yarışlarının finalçıları, beş halqa ilə çıxışların, üç top və iki iplə kompozisiyaların qalibləri mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 5 halqa ilə çıxış edən bədii gimnastika üzrə milli komandası Dünya Kuboku turnirində 17.600 xal toplayaraq bürünc medal qazanıb. Bolqarıstan komandası 19,800 xalla birinci, İtaliya millisi 18,000 xalla ikinci yerdə qərarlaşıb.
Mükafatları qaliblərə Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü Mariana Vasileva, Federasiyanın idman meneceri Azər Novruzov və Azərbaycan bədii gimnastika komandasının məşqçisi Anastasiya Prosolova təqdim edib.
Qeyd edək ki, ötən gün bu növdə İtaliya yığmasına Dünya Kuboku yarışlarının xüsusi mükafatı - "AGF Trophy-2018" təqdim olunub.
Sonra üç top və iki iplə hərəkətlər üzrə qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.
Mükafatları qaliblərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, hakimlər briqadasının sədri Lyubov Çerqaşina və Azərbaycan bədii gimnastika millisinin məşqçisi Yevgeniya Jidkova təqdim edib.
Sonda 2018-ci il üç top və iki iplə hərəkətlərdə Dünya Kuboku yarışlarının qalibi olan İtaliya millisinə turnirin xüsusi mükafatı təqdim olunub. Mükafatı qalib komandaya Beynəlxalq Gimnastika Federasiyasının (BGF) hakimlər üzrə nümayəndəsi Kerolayn Hant təqdim edib.