MƏDƏNİYYƏT
Azərbaycanlı dizaynerin kolleksiyası Nyu-York Moda Həftəsində təqdim edilib VİDEO
Vaşinqton, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. Ralf Loren, Oskar de la Renta, Vivyen Vestvud kimi dizaynerlərin kolleksiyalarının nümayişi də Rüfət İsmayılla bir gündə keçirilib.
“Power of Fire” 2019-cu ilin yaz-yay mövsümü kolleksiyasıdır. Kolleksiyaya 30 paltar daxildir. Yarımqiymətli daşlarla və mürəkkəb tikmə ilə işlənmiş bütün kolleksiya əl işindən ibarətdir. Onun yaradılması üzərində bütövlükdə təqribən 40 nəfər çalışıb. Rüfət İsmayılın “Afffair” brendinin defilesi rəsmi olaraq Nyu-York Moda Həftəsinin cədvəlinə daxil edilib. Belə hadisə Azərbaycanın moda tarixində ilk dəfə baş verib. R. İsmayılın əsas modeli qismində məşhur azərbaycanlı model Günay Musayeva çıxış edib.
Nyu-York Moda Həftəsi London, Paris və Milan moda həftələri ilə birlikdə “Böyük Dörd” adlanan və dünyanın dörd ən əsas moda həftəsindən biridir. İldə iki dəfə keçirilir: fevralda payız-qış, sentyabrda isə yaz-yay trendləri nümayiş etdirilir. Amerika Moda Dizaynerləri Şurasının araşdırmalarına istinadən, Nyu-York Moda Həftəsinin iqtisadiyyata təsiri təxminən 887 milyon dollar səviyyəsində qiymətləndirilir.
Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Dizayn etdiyi kostyumlara görə, o, "Türkiyənin ən yaxşı dizayneri" adına və Fashion TV tərəfindən “Avropada 2018-ci ilin ən yaxşı dizayneri” adına layiq görülüb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton