REGİONLAR
Xaçmazda bu il 2500 hektar sahədə pomidor əkini aparılacaq VİDEO
Xaçmaz, 1 may, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda açıq sahələrdə pomidor əkininə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri hazırda açıq sahələrə köçürülür.
Pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanacaq. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən”, “Sevimli” növləri becərilir.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, ötən il Xaçmazda 2 min 56 hektar pomidor sahəsindən 52 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2 min 500 hektar sahədə pomidor əkməyi nəzərdə tutublar.
Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi.
Xaçmazda pomidor yığımı iyul ayında başlayır.