“Əvvəllər gübrə tapa bilmirdim, indi isə sağ olsun dövlətimiz, fermerlər üçün lazımi şərait yaradıb” - cəlilabadlı fermer VİDEO
Cəlilabad, 19 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Cəlilabadda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılıb. Operativlik məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin səyyar xidməti də yeni nəsil fermer kartlarının təsərrüfat sahiblərinə yerlərdə çatdırılmasına dəstək olacaq.
AZƏRTAC xəbər verir ki, Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə mütəmadi keçirilən maarifləndirici görüşlər, xidmət kabinetində yaradılmış imkan fermerlərin payızlıq əkinlərinin vaxtından qabaq bəyan etməsinə şərait yaradıb. Bu günədək elektron sistemdə 27 min fermer onlayn qaydada istifadəçi FİN-i ilə qeydiyyatdan keçib, sistemə 34 minə yaxın sənəd daxil edilib. Rayon üzrə 5000-ə yaxın fermer üçün bank kartı hazırlanıb və tərəfdaş bankların yerli filialları tərəfindən onlara təqdim olunub. Hazırda kartların fermerə paylanması və subsidiyaların "Fermer kartları"na köçürülməsi prosesi davam edir.
Qeyd edək ki, güzəştli azot gübrəsi satışı ilə əlaqədar olaraq respublikamızda təchizatçı təşkilat kimi 80-dən çox təşkilat qeydiyyatdan keçib. Cəlilabadda da “Aqrolizinq”in nümayəndəliyi ilə yanaşı, beşə yaxın təchizatçı təşkilat fermerlərə xidmət göstərir.
Fermer Əhliman Məcidov bildirib ki, əvvəllər əkin aparsa da, sahələri gübrələrlə təmin edə bilmirdi. “İndi sağ olsun, dövlətimiz, biz fermerlər üçün lazımi şərait yaradıb. 70 faizini dövlət, 30 faizini mən ödəməklə, 30 hektar sahədə dənli, 10 hektar sahədə isə kartof əkmişəm. İstəyirəm ki, ölkəmizdə məhsul bolluğu olsun, bu işə mən də öz töhfəmi verim”.
Mart ayının əvvəlindən başlayaraq bu günədək “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən təsərrüfat sahiblərinə 400 tondan çox taxıl yemləmə gübrələri satılıb. ASC-nin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayev deyib: “Bu gün 70-ə yaxın fermer müraciət edib. Onlar “fermer kartı” ilə dəyərinin 30 faizini ödəməklə gübrə ala bilirlər. Bu imkan, eləcə də yeni yaradılan elektron sistem onlar üçün çox rahatdır. Hazırda anbarlarımızda 4 min tondan çox gübrə var. Həmçinin 2 min tondan çox payızlıq amofost gübrəsi ehtiyatı da yaradılıb”.
Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, martın 15-dən etibarən Aqrar Kredit və İnkişaf Agentliyinin səyyar xidməti yeni nəsil “Fermer kartları”nın təsərrüfat sahiblərinə yerlərdə çatdırılmasına yaxından dəstək olur.