REGİONLAR
Tərtərdə 9 cəbhəyanı kəndi əhatə edən yerli əhəmiyyətli yol yenidən qurulur VİDEO
Tərtər, 25 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 9 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində yenidənqurma işlərinə başlanılıb. Bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qarağacı-Qapanlı-Yuxarı Qaradağlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli avtomobil yoludur.
Tikintidə iş icraçısı Saləddin Dadaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tikinti norma və standartlarına uyğun olaraq hazırda yolboyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür. Layihə çərçivəsində yolboyu yol əsasın alt layı karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınır, çiyin hissələri də eyni materialla təmir edilir. Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Yola 2 lay olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək.
Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən 1306 paqonmetr müxtəlif diametrli metal və dəmir-beton suötürücü boruların, eləcə də 3 körpünün quraşdırılması nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi planlaşdırılır. Cəbhəyanı kəndləri birləşdirən avtomobil yolunun bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Tərtər rayonunun cəbhəyanı kəndlərini birləşdirən avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq. Odur ki, yolun yenidən qurulması sakinlərinin sevincinə səbəb olub.
Səhləbad kənd sakini Camal Aslanov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Cəbhə xəttinə yaxın məsafədə yerləşən kəndimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Ancaq yol sarıdan çətinlik çəkirdik. Mənim evim yola yaxındır. Yay aylarında toz-torpaq, payız-qış mövsümündə isə palçıq istər vətəndaşlar üçün, istərsə də avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Tezliklə bu çətinliyimiz aradan qaldırılacaq".
Digər sakin Saleh Əliyev isə deyib: "Tərtər şəhərinə və qonşu kəndlərə gedərkən həm avtomobilimiz sıradan çıxır, həm də hədər vaxt itirirdik. Yolların pis olması səbəbindən nəqliyyat vasitələri də insanları baha qiymətə aparırdı. Uşaqlar yağıntılı hava şəraitində məktəbə çətinliklə gedir, ayaqqabıları və paltarları palçıq olurdu. İndi isə yollarımız yenidən qurulur. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.