IX əsrə aid olduğu güman edilən məzarların qorunduğu “Seyid Xəlifə” ziyarətgahı VİDEO
Lənkəran, 22 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Tarixi həqiqətləri özündə yaşadan və bu günümüzədək gəlib çıxan abidələr sırasında Azərbaycanda geniş yayılan türbələrin özünəməxsus yeri var. Bu türbələrdən biri də Lənkəranın Cil kənində yerləşir. El arasında "Se Xəlifə", yəni üçü xəlifə və ya "Seyid Xəlifə" adlandırılan ziyarətgahda bura pənah gətirən seyidlərin məzarları da var.
AZƏRTAC xəbər verir ki, Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra tanınmış insanlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışdılar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən Lənkəran ərazisində məskunlaşmışdılar. Həmin şəxslərin məzarları ziyarətgah kimi qorunub saxlanılmışdır.
Tarixçi-tədqiqatçı Aqşin Əliyev deyir ki, Seyid Xəlifə türbəsi Lənkəran şəhərinin mərkəzindən 13 kilometr şimalda, Cil kəndi ərazisində yerləşir. Abidə dövlət tərəfindən mühafizə olunur. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb. Bu türbənin ətrafında məzar daşlarından bir neçəsinin IX əsrə aid olduğu da güman edilir.
“Bu abidə haqqında müxtəlif fikirlər var. Tarixi mənbələrə görə, vaxtilə Lənkərana gəlmiş 3 xəlifənin məzarı burada yerləşir. Ona görə də türbə talışca “Se Xəlifə" (üçü xəlifə) adlandırılır. Lakin Seyid Əli Kazımbəyovun “Əxbərnamə ” kitabında bildirilir ki, vaxtilə İranda yaşamış Seyid Abbas adlı şəxs 1736-cı ildə Nadir şah taxta çıxdıqdan sonra onun yanına gedir və öz itaətini bildirir. Nadir şah da onu Lənkəran ərazisinə göndərir və buranın hakimi təyin edir. Seyid Abbas sədaqət rəmzi olaraq öz oğlunu - Qara xanı onun yanına göndərir. Həmin vaxtdan, 1736-cı ildən Seyid Abbas burada qərar tutur. O, bu kəndin qəbiristanlığında dəfn edilib”, - deyə tarixçi vurğulayıb.
Deyilənlərə görə, burada məqbərə üç şəxsin - məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mir Abbasın və onun əmisi oğlunun məqbərəsidir. Lakin burada daha qədim dövrlərdə yaşamış seyidlərin də məzarları var. Türbə indiyədək müxtəlif yerlərdən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.
Tarixçi-tədqiqatçı qeyd edib ki, bu ərazidə müxtəlif illərdə yaşamış seyidlərin qəbirlərinin olması, keçmişdə xilafətin hər yerindən, ümumiyyətlə yaxın Şərqdən bir çox seyidin köçərək Lənkəran ərazisində yaşadığını göstərir.
Seyid Xəlifə türbəsi XIX əsrin yadigarıdır. Burada hündürlüyü 1,4 metrə çatan qəbirüstü abidələr də mövcuddur. Baş daşlarındakı təsvirlərdə əl, ayaq izləri, ox, qılınc, nizə, əmud və başqa silah növlərinin təsviri olan daş parçalar diqqəti cəlb edir. Qəbirüstü abidələrdə Günəşi əks etdirən simvollar da həkk olunub. Türbədə həm atəşpərəstlik, həm də islam dininin nümunələrinə rast gəlinir.