REGİONLAR
Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi VİDEO
Saatlı, 15 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edildi.
AZƏRTAC xəbər verir ki, Saatlı rayonunda evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli iştirak ediblər. Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri torpaqlarımızın erməni faşizminin işğalından azad edilməsinə, həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanmasına görə fərəh içində olduqlarını qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevlə, şanlı Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Şanlı tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə, dəmir yumruğa çevrilən sarsılmaz birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
Anar Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proqramlar ildən-ilə genişlənir. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır. Bu il də rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
1-ci Qarabağ müharibəsi qazisi Saatlı rayon Şirinbəyli kənd sakini Süleyman Əbilov dövlət tərəfindən qazilərə göstərilən diqqət qayğıdan danışaraq bildirib ki, bizim ailədə ev növbəsində idi və bu gün artıq bu ev bizə təqdim edildi. 3 otaqlı evdə lazımi şərait yaradılıb. Bu diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarıq
1-ci Qarabağ müharibəsi qazisi Saatlı rayon Orta Muğan kənd sakini Taleh Həsənov da bu gün ev alan qazilər sırasındadır. O, söyləyib ki, dövlət tərəfindən 3 otaqlı evlə təmin edildim. Biz qazilər hər zaman dövlətin diqqətindəyik. Göstərilən bu qayğıya görə ölkə rəhbərinə minnətdarıq.
Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün digər istiqamətlərdə atılan mühüm addımları da diqqətə çatdırıb. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək qayğıdan razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.