MƏDƏNİYYƏT
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib VİDEO
Ankara, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgiləri və musiqili bədii proqram keçirilib.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan proqramda rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri iştirak ediblər.
Əvvəlcə dünya şöhrətli Nizami Gəncəvinin zəngin, mənalı həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahimin çıxışları dinlənilib.
Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğulayıb ki, əsrlər ötdükcə dahi şairin yaradıcılıq nümunələri daha geniş yayılır və sevilə-sevilə oxunur. Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan etməsi dahi şairin yaradıcılığını müasir dövrün tələblərinə uyğun şəkildə tanıtmaq üçün yeni-yeni imkanlar yaradır.
Nizami Gəncəvi yaradıcılığını nəsillərə nümunə kimi dəyərləndirən səfir Xəzər İbrahim bildirib ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də bir yerdə öz mənəvi xəzinəmizi tanıdacaq və qurur duyacağıq.
Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı xatırladan mədəniyyət naziri Anar Kərimov vurğulayıb ki, istər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib: “Dahi Nizami şəxsiyyəti, onun nadir yaradıcılıq üslubu haqqında çox danışmaq mümkündür, əsas məsələ odur ki, böyük şairimiz bütün əsərlərində ədaləti, birgə yaşamaq mədəniyyətini, insan haqlarını yüksək dəyərləndirib. Ona görə də, bütün dünya tərəfindən sevilə-sevilə oxunan Nizami Gəncəvi yaradıcılığı əbədilik qazanıb”.
İştirakçılar TÜRKSOY-da sərgilənən nadir kitablar və rəsm sərgisi ilə tanış olublar. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgilənən nadir əsərlər barədə iştirakçılara məlumat verərək onları kitabxananın incisi kimi dəyərləndirib.
Bədii hissədə dahi Nizaminin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara