Tərtər İcma Resurs Mərkəzində təlimlərini uğurla başa vurmuş şəxslərə sertifikatlar verilib VİDEO
Tərtər, 23 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Tərtərə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüş zamanı “Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi” layihəsi çərçivəsində bu günə kimi görülmüş işlər və əldə edilmiş nailiyyətlər müzakirə olunub.
Sonra Tərtər İcma Resurs Mərkəzində təlim keçmiş gənc icra hakimiyyəti nümayəndələri ilə görüş olub. İcra hakimiyyəti heyətinin potensialının gücləndirilməsi təlimlərini uğurla başa vurmuş şəxslərə sertifikatlar təqdim edilib.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti jurnalistlərə açıqlamasında deyib: "Biz beş ay əvvəl Tərtərdə İcma Resurs Mərkəzinin açılışında iştirak etdik. Bu gün məmnunluq hissi ilə deyə bilərik ki, beş ay ərzində Tərtər rayonunda yüzlərlə insan bu təlimlərdən keçib. Təlimlərə qoşulan iştirakçılar müxtəlif sahələrdə lazımi biliklər əldə edirlər. Sosial və iqtisadi məsələlərlə bağlı onlara hərtərəfli məlumat verilib. Çox şadıq ki, müharibədən əziyyət çəkmiş Tərtər rayonunun sakinlərinə öz dəstəyimizi veririk".
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Nail Şəfizadə təlimlər zamanı müxtəlif bilik və bacarıqlara yiyələndiklərini bildirib: "Təlimlərdən çox razı qaldım. Təlim zamanı biz insan tipləri və onlarla davranış qaydaları, zamanın idarə olunması kimi bacarıqlara yiyələndik. Təlimin təşkilatçılarına təşəkkürümü bildirirəm".
Digər iştirakçı Jalə Nəzərli isə deyib: "Təlimlərdən çox şey öyrəndik. Xüsusən əldə etdiyimiz komanda ilə işləmək bacarığı, zamanın idarə olunması, problemin həlli və sair kimi bilik və bacarıqlar gələcək həyatımızda bizə kömək olacaq".
Qeyd edək ki, "Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi” layihəsi bir sıra tədbirlər vasitəsilə yerli inkişafa dəstək verir. Tədbirlərə bizneslərin qurulması, peşə təlimi, “yaşıl” iş yerlərinin açılması və icmaların ehtiyaclarına əsaslanan əsas yerli infrastrukturu bərpa edəcək layihələr daxildir.