Ağsuda yaşayış məntəqəsi və qəbiristanlıq üçün təhlükə yaranan ərazidə bənd tikilir VİDEO
Ağsu, 2 oktyabr, AZƏRTAC
Ağsuda rayon ərazisindən axan Ağsu çayının Abasxanlı kəndi ərazisindən keçən hissəsində təhlükəli vəziyyətin aradan qaldrılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çay suyunun kənd qəbiristanlığına yaxın ərazidə sürüşməyə səbəb olması səbəbindən həmin hissədə genişmiqayaslı mühafizə tədbirlərinə başlanılıb. Artıq son tamamlanma işləri görülür.
Qabyon bəndlərin tikintisi xüsusi dəqiqliklə aparılır. Əvvəlcə idarə əməkdaşları tərəfindən məftillər toxunur, daha sonra isə bənd üçün xüsusi olaraq hazırlanan daşlar texnikalar vasitəsilə həmin hissəyə tökülür. Abasxanlı kəndində yaşayan sakinlər artıq narahat deyillər. Çünki bu dayanıqlı qabyon bənd kənd qəbiristanlığını və ətraf əraziləri mühafizə edəcək.
Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən sel sularından mühafizə tədbirləri ilə paralel olaraq torpaq məcralı kanallarda lildən təmizləmə və kanalların beton üzlüyə alınması prosesi də uğurla davam edir. Kanallarda görülən işlər su itkisinin qarşısının alınması və suyun axın sürətinin artmasına səbəb olacaq.
Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi 37 min hektar torpaq sahəsinə xidmət edir. Bu il rayonun suvarılan torpaq sahələrində ən çox taxıl, qarğıdalı və yem bitkiləri əkilib və həmin bitkilərin suvarılması da uğurla başa çatdırılıb.