REGİONLAR
İmişlidə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı şəhidlər bulağı istifadəyə verilib VİDEO
İmişli, 2 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizdən birinin - Nuriyev Vüqar Hafiz oğlunun doğum günündə “Şəhidlər ölməz, Vətən bölünməz" adlı bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin xatirəsinə inşa olunan bulağın açılışında rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə Vüqar Nuriyevin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Xatirə bulağının açılışında çıxışçılar bildiriblər ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması uğurunda vuruşan qəhrəmanlarımızın döyüş yolu gənclərimiz üçün örnəkdir. Natiqlər Vüqarın valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdüklərinə görə təşəkkür edib və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıblar. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağı vurğulanıb. Həmçinin xatirə bulağının inşa olunmasının əsas məqsədi şəhidlərimizi yad etməklə yanaşı, onların adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaq olduğu qeyd edilib. Vurğulanıb ki, bulağın suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olur.
Şəhidin ömür yolundan danışılaraq bildirilib ki, 29 sentyabr 2000-ci ildə İmişli rayonunda anadan olan Vüqar hələ az yaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. 2007-2018-ci illərdə 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətən harayına səs verən Vüqar döyüşlərə ruh yüksəkliyi ilə yola düşüb. O, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Noyabrın 1-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vüqar Nuriyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.