CƏMİYYƏT
Xətai rayonunda 10-dan çox evdən və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitofonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub. Həmçinin saxlanılan şəxsin ətrafında aparılan əlavə araşdırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyənləşdirilib.
Qeyd edək ki, Bəybala Kamranbəyli oğurluğa gedən zaman həmin ərazilərdə yerləşdirilən müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübut edir.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun evdən 2000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Bəybala Kamranbəyli və Elçin Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.