REGİONLAR
Xaçmazda şəhid istehkamçı gizir Mayıs Səmədovun xatirəsi anılıb VİDEO
Xaçmaz, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Vətən müharibəsi şəhidi gizir Mayıs Səmədovun şəhadətinin ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün anım mərasimində Daxili İşlər Nazirliyinin rəsmiləri, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak edib. Şəhidin Qadaşoba kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Daxili Qoşunlarının hərbi qulluqçusu, istehkamçı gizir Səmədov Mayis Şadıbəy oğlu 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olub. Hərbi xidmətini bitirdikdən sonra bir müddət mülki peşə üzrə çalışıb. 2004-cü ilin fevralından etibarən Mayıs Daxili Qoşunların hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.
Mayıs Səmədov Vətən müharibəsində ön cəbhədə öz vəzifə borcunu şərəflə yerinə yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərib.
Mayısın sonuncu döyüşü 2020-ci il oktyabrın 5-də Cəbrayıl-Füzuli rayonları istiqamətində olub. O və yeddi silahdaşı ön mövqedəki əsgərlərimizə təminat çatdırmaq üçün gedərkən yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşüblər. Hərbi qulluqçumuz özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv edir. Lakin qeyri-bərabər savaşda gizir Mayıs Səmədov və döyüş yoldaşları son damla qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlirlər.
Gizir Mayıs Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaşoba kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə gizir Səmədov Mayıs Şadıbəy oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.