REGİONLAR
Şəhid Şakir Orucovun xatirəsi yad olunub VİDEO
Beyləqan, 6 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Şakir Orucovun il mərasimi keçirilib. Mərasimdə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidin xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Orucov Şakir Bakir oğlu 1999-cu ilin mart ayında Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya göz açıb. Azyaşlı vaxtlarından gələcəkdə hərbçi olub yurd yerlərimizi azad etmək arzusu ilə yaşayıb. Əsgərlikdən sonra öz istəyi ilə müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.
Kəşfiyyatçı rabitəçi olan Şakir Vətən müharibəsində ilk döyüşə atılanlar sırasında yer alıb. Cəbhənin Füzuli istiqamətində bir çox uğurlu tapşırıqların yerinə yetirilməsində qəhrəmanlığı ilə seçilib. Ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də danışan Şakir “qələbə yaxındadır” deyərək, ailəsinə müjdə verib. Oktyabrın 2-də Kənd Horadiz istiqamətində Şakir və döyüşçü yoldaşları kəşfiyyat tapşırığı yerinə yetirən zaman düşmən tərəfindən mühasirəyə düşüblər. Son damla qanına qədər döyüşən Şakir və silahdaşları qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.
Qeyd edək ki, Şakir Orucov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.