CƏMİYYƏT
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyatlar keçiriblər VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları müxtəlif şəxslərin qanunsuz saxladıqları odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyatlar keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsfəndiyarovun üzərində qanunsuz odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonunun Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus sandıqça və üç patron aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman revolver tipli tapança və həmin silaha məxsus beş patron aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanıb. Babək İsfəndiyarov və Məzahir Aslanov barələrində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.