1918-ci ilin 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov mənfur qonşularımızın tarix boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışmışdır.
Bildirmişdir ki, soyqırımı nəticəsində erməni faşistləri tərəfindən 50 min azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmiş, on minlərlə insan doğma torpaqlarından qovulmuşdur. Həmin günlərdə erməni-bolşevik birləşmələri təkcə Bakıda 12 min dinc azərbaycanlını amansızlıqla öldürmüşlər. Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmişlər.
Yalnız ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi-siyasi qiymətin verildiyini qeyd edən V.Qədirov bildirmişdir ki, indi əsas diqqətimizi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanmasına yönəltməliyik.
V.Qədirov dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində erməni faşistlərinin öz layiqli cəzalarını alacaqlarına, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın doğma torpaqlarına dönəcəklərinə əminliyini bildirmişdir.
Digər çıxış edənlər də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları barədə danışmış, gənc nəslin maarifləndirilməsində və bu cür qanlı hadisələrin yaddaşlardan silinməməsində belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışlar.