İDMAN
2003-CÜ İL AZƏRBAYCAN İDMANÇILARI ÜÇÜN UĞURLU OLMUŞDUR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 188 medalın (64 qızıl, 54 gümüş, 70 bürünc mükafat) 74-ü idmanın Olimpiya növlərində əldə olunmuşdur. İndiyədək Afina Olimpiadasına idmanın 7 növündə 13 lisenziya qazanılmışdır. Bunların 2-si sərbəst güləşdə, 2-si yunan-Roma güləşində, 5-i ağır atletikada, qalanları stend atıcılığı, pnevmatik tapançadan atəş açmaq, taekvondo və bədii gimnastikada əldə edilmişdir.
Sərbəst güləş üzrə dünya çempionu Arif Abdullayev ilin ən yaxşı idmançısı adlandırılmışdır. On ən yaxşı idmançı sırasına boks üzrə dünya çempionu Ağası Məmmədov, ağır atletika üzrə dünya çempionatının bürünc mükafatçısı Turan Mirzəyev, taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı Rəşad Əhmədov, bədii gimnastika üzrə Dünya kubokunun bürünc mükafatçısı Dinara Gimatova, sərbəst güləş üzrə Avropa çempionu Namiq Abdullayev, stend atıcılığı üzrə Avropa çempionu Zemfira Meftahəddinova, gənclər arasında yunan-Roma güləşi üzrə dünya çempionu Rövşən Bayramov, beynəlxalq qrossmeyster Teymur Rəcəbov və sambo üzrə dünya çempionu Hakim Nəzərəliyev daxildirlər.
İlin ən yaxşı məşqçisi sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Yaqub Məmmədov, ən yaxşı hakimi 2004-cü ilin Olimpiya oyunlarının boks üzrə baş hakimi seçilən professor Ağacan Əbiyev olmuşlar. “Lider” teleşirkətinin “Arena” verilişi ən yaxşı idman teleproqramı, “Yeni Azərbaycan” qəzetindən Anar Miriyev ən yaxşı idman jurnalisti hesab edilmişdir.