2006-CI İLİN ALTI AYI ƏRZİNDƏ AZƏRBAYCANA 1 MİLYONDAN ÇOX TURİST GƏLMİŞDİR
Azərbaycan ölkəyə gələn əcnəbi turistlərin sayına görə MDB ölkələri arasında Rusiya, Qazaxıstan və Ukraynadan sonra dördüncü yeri tutur. Ölkəmizdə mehmanxanaların və onlara bərabər tutulan obyektlərin (288 obyektdən 72-si Bakıda yerləşir) sayının ilbəil artdığını xatırladan nazir demişdir ki, yay aylarında onlar müştərilərlə dolu olur. Bununla belə, bəzi turizm obyektlərində çirkli suların dənizə və çaylara axıdılması, habelə ictimai iaşə obyektlərində xidmətin səviyyəsinin aşağı olması qeydə alınmışdır.
Ə.Qarayev bildirmişdir ki, xidmətin səviyyəsini yüksəltmək üçün hər il nazirliyin və Türkiyənin Əməkdaşlıq və İnkişaf Agentliyinin xətti ilə mehmanxana təsərrüfatının və turizm obyektlərinin işçiləri üçün məşğələlər keçirilir. Gələn ildən Azərbaycanda mehmanxanalara lisenziyalar verilməsinə başlanacağını xatırladan nazir yerli hakimiyyət orqanlarını bu prosesdə fəal iştirak etməyə çağırmışdır.
Əbülfəs Qarayev vurğulamışdır ki, bölgələrdə turizmin inkişafı mədəniyyətimizi, qədim ənənələri və peşələri heç bir halda sıxışdırmamalıdır. Mədəniyyət və Turizm Nazirliyi ölkə rəhbərliyi qarşısında Xınalıq kəndinin xüsusi qorunan ərazi elan olunması təklifini irəli sürmək niyyətindədir.
Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirmişdir ki, qurumun mütəxəssisləri 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət proqramının layihəsini hazırlayırlar. Azərbaycan 2007-ci ildə 22 beynəlxalq turizm sərgisində təmsil olunacaqdır. Gələn il respublikanın bir sıra bölgələrdə turizm informasiya mərkəzlərinin açılması planlaşdırılır.
Turizm sektorunun inkişaf etdiyi regionların icra hakimiyyətlərinin, fövqəladə hallar, ekologiya və təbii sərvətlər, nəqliyyat nazirlikləri, Dövlət Statistika Komitəsi, paytaxtın və bölgələrin turizm şirkətləri nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Bakı və Xaçmazda yerləşən 4 mehmanxanaya sertifikat verilmiş, Si-En-En telekanalında Azərbaycan haqqında nümayiş etdirilən reklam rolikinin, habelə “Qədim və müasir Abşerona səyahət” nəşrinin təqdimatı olmuşdur.