2016-cı ildə ABŞ Hərbi Dəniz Qüvvələrində ultramüasir “USS Zumwalt” raket-eskadra mina gəmisi istifadəyə veriləcəkdir
Vaşinqton, 16 iyun (AZƏRTAC). CNN agentliyinin verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrində diqqəti çox cəlb etməyən raket-eskadra mina gəmisinin test sınaqları davam edir.
Tikintisi 3 milyard dollara başa gəlmiş hərbi gəmi keçən il test sınaqları üçün buraxılmışdır. Gəminin uzunluğu standart raket-eskadra mina gəmilərinin ölçülərindən 65 faiz çoxdur. Buna baxmayaraq, gəmiyə cəmi 130 nəfər hərbi heyət xidmət edir. Halbuki adətən raket-eskadra mina gəmilərinin şəxsi heyəti 300 dənizçidən ibarət olur. Bütün bunlar son nəslə mənsub olan gəmidə avtomatlaşdırılmış qabaqcıl texnologiyaların tətbiqi sayəsində mümkün olmuşdur. Gəminin ümumi uzunluğu 610 fut (186 metr), eni isə 80 futdur (24,5 metr). “USS Zumwalt” raket-eskadra mina gəmisinin ölçülərinin bu qədər böyük olmasına baxmayaraq, o, radarların diqqətini çox cəlb etmir.
ABŞ Hərbi Dəniz Qüvvələri hərbi dəniz sistemləri komandanlığının mətbuat katibi Kris Consonun sözlərinə görə, bu gəminin inşasında tətbiq edilmiş rakurslar sayəsində düşmənin radar qurğuları tərəfindən onun aşkar edilməsi imkanı 50 faiz azalır. “USS Zumwalt”ın mövcud konfiqurasiyası xeyli miqdarda silah, o cümlədən, iki qabaqcıl silah sistemi (AGS artilleriya qurğuları), daşımağa imkan verir. Bu qurğular kompyuterlə idarə edilən raket döyüş başlıqlarını işə salmağa, 63 mil (101,5 kilometr) məsafədəki hədəfləri məhv etməyə imkan verir. Bu, digər raket-eskadra mina gəmilərinin hədəfləri məhv etmə məsafəsindən üç dəfə çoxdur. ABŞ Hərbi Dəniz Qüvvələrinə yaxın mənbələrdən verilən məlumata görə, “USS Zumwalt” 2016-cı ildə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcəkdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton