İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır
Bakı, 19 may, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova mayın 19-da ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında təkbətək görüş keçirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş olub.
Sahibə Qafarova münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli əlaqələrin mühüm rolunu vurğulayıb. Ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini bildirib. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də diqqətə çatdırılıb.
Söhbət zamanı dövlətlərimiz arasında münasibətlərin vacib bir sahəsini təşkil edən parlamentlərimiz arasında əlaqələrin də indiki səviyyəsindən razılıq bildirilib. Vurğulanıb ki, parlamentlərimiz arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verib.
İqor Sergeyenko Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışında şəhərsalma sahəsində mühüm məsələlərə toxunduğunu diqqətə çatdırıb. Bu tədbirin mühüm əhəmiyyət daşıdığını və WUF13 çərçivəsində müasir dövrün ən aktual məsələlərindən olan urbanizasiya problemlərinin geniş müzakirə edildiyini deyib.
Söhbət zamanı qonaq parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.