Erfan Ali: WUF13 bizə bildiklərimizi paylaşmağa fürsət yaradır
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bizə bildiklərimizi paylaşmağa fürsət yaradır. WUF13-də tərəfdaşlıqda ciddi potensial görürük və hamı üçün yaxşı fürsətdir ki, bir araya gəlib dövlət səviyyəsində tədbirlər görsün.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali WUF13 çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda keçirilən Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda çıxışı zamanı deyib.
“Bu gün Şərqi Avropa və Mərkəzi Asiyada şəhərsalma prosesləri, əlçatan mənzillər və düzgün şəhər infrastrukturu kimi mühüm məqamlar ciddi şəkildə müzakirə mövzusudur. Biz birgə müzakirə apararaq şəhərsalmada gözəl həll yolları tapa bilərik. Məhz həll yollarının müxtəlifliyi üçün bura toplaşmışıq”, - deyə o qeyd edib.
Düzgün mənzil əlçatanlığı inklüziv şəhərsalma prosesləri ilə dəstəklənməlidir deyən Erfan Ali bildirib: “İqlim dəyişikliyi ilə bağlı təzyiqlər də şəhər mərkəzindən başlayır. Məhz ona görə də biz düzgün şəkildə planlaşdırma həyata keçirməliyik”.