Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir
Bakı, 19 may, AZƏRTAC
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Belarusun memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Bakının uğurla ev sahibliyi etdiyi WUF13-ün əhəmiyyətinə toxunulub, həmin mötəbər tədbirdə Belarus nümayəndə heyətinin iştirakının ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
İki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Belarus arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb, tikinti və təhlükəsizlik sahəsində ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.