Tanzaniya nümayəndəsi: Azərbaycanda mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq
Bakı, 19 may, AZƏRTAC
Bu tədbir gələcək şəhər inkişafının formalaşdırılması baxımından çox vacibdir. Bildiyiniz kimi, hazırda dünya böhran dövründən keçir. Dünyanın müxtəlif yerlərində insanlar əziyyət çəkir, xüsusilə mənzil çatışmazlığı ciddi problemə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Tanzaniyadan olan və Şərqi Afrikanı təmsil edən Kenedy Çiquru deyib.
O bildirib ki, insanların sayı hər gün artır və bu da yaşayış məsələlərini daha da çətinləşdirir.
“Dünya ölkələri burada bir araya gələrək mənzil sahəsində mövcud qlobal problemləri müzakirə edir və onların həlli yollarını axtarırlar. Azərbaycan inkişaf etməkdə olan ölkələrdən biridir, lakin böyük inkişaf yolu keçib. Burada xüsusilə mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynaya bilər. Elə buna görə də, WUF13-ə ev sahibliyi edir. Burada hər şey çox yaxşı təşkil olunub. İnsanlar həm tədbirdən zövq alır, həm öyrənir, həm də mənzil sahəsində dünyada mövcud problemlərin necə həll oluna biləcəyi ilə bağlı yeni biliklər əldə edirlər. Azərbaycanın BMT ilə əsas tərəfdaşlardan biri kimi bu forumdan mühüm nəticələr əldə edə biləcəyini düşünürəm. Bu tədbir ölkələrin öz problemlərinin həlli üçün yeni yanaşmalar tapmasına kömək edə bilər”, - deyə o diqqətə çatdırıb.