Aİİ-nin beynəlmiləlləşmə strategiyası: QS reytinqi və impakt faktorlu jurnallar
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Beynəlxalq reytinqdə (QS) təmsilolunma və impakt faktorlu elmi jurnallarda dərc olunma” mövzusunda seminar təşkil edilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova seminarda ali təhsil müəssisələrinin “Quacquarelli Symonds”da (QS) təmsil olunmasının üstünlüklərindən bəhs edib. O bildirib ki, QS-də iştirak beynəlmiləlləşmə, beynəlxalq nüfuzun artırılması və akademik əməkdaşlıq kimi institusional inkişaf baxımından strateji əhəmiyyət daşıyan istiqamətlər üzrə ali təhsil müəssisələrinin akademik sistemdə tanınmasına xidmət edir.
E.Əzizova QS Dünya Universitetləri Reytinqləri, QS Regional Reytinqləri və QS İxtisas Reytinqlərində iştirak üçün tələb olunan meyarlar barədə məlumat verib. Qeyd edib ki, 2026-cı il QS İxtisas Reytinqlərində ilahiyyat sahəsi üzrə ilk onluqda ABŞ-nin Notr-Dam Universiteti, Harvard Universiteti, Boston Universiteti, Çikaqo Universiteti, Dyuk Universiteti və Yel Universiteti, İngiltərənin Oksford Universiteti, Durham Universiteti, Kembric Universiteti, Belçikanın Löven Katolik Universiteti kimi nüfuzlu ali təhsil müəssisələri yer alıb. Bununla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun növbəti QS İxtisas Reytinqləri mərhələlərində iştirakı üçün tələb olunan şərtlər, xüsusilə Scopus bazasında indekslənən elmi məqalələrin sayı ilə bağlı meyarlar professor-müəllim heyətinin diqqətinə çatdırılıb.
Seminarın impakt faktorlu elmi jurnallarda nəşr mövzusuna həsr olunan ikinci hissəsində isə Aİİ-nin professor-müəllim heyətinin WoS və Scopus kimi elmmetrik bazalarda indekslənən jurnallarda elmi nəşrlərinin sayının artırılması istiqamətində görülmüş işlər barədə hesabat təqdim olunub, həmçinin bu prosesin stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib.