UN-Habitat-ın bölmə rəhbəri: 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur
Bakı, 19 may, AZƏRTAC
Araşdırmaların nəticələrinə görə, hazırda 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur. Bu, qlobal səviyyədə olduqca ciddi problemdir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF 13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) əsas nəşri olan “World Cities Report 2026” adlı hesabata həsr olunan dəyirmi masada UN-Habitat-ın bölmə rəhbəri Benedikt Arimah deyib.
“Bir çox halda əhalinin gəlirinin 30 faizi mənzil xərclərinə sərf olunur və bəzi hallarda bu göstərici 50 faizə qədər yüksəlir. Bəzi ölkələrdə isə insanların gəlirlərinin 11 faizi yalnız mənzil xərclərinə yönəlir. Mərkəzi və Cənub-Şərqi Asiya regionlarında bu göstərici 56 faizə çatır. 2010-cu ildən etibarən milyonlarla insan bu problemlərlə üzləşir, bir çox insan isə qaçqın həyatı yaşayaraq məskunlaşma çətinlikləri ilə qarşılaşır. Proqnozlara əsasən, 2040-cı ilə qədər təbii fəlakətlərin vuracağı iqtisadi zərər 280 milyard dollara çatacaq və bu vəziyyət insanların mənzil əldə etməsini daha da çətinləşdirəcək. Həmçinin 1,4 milyard insan qeyri-formal formal məskunlaşmaqdadır. Bütün bu rəqəmlər narahatlıq doğurur”, - deyə o bildirib.