WUF13-də şəhərsalmada qlobal tərəfdaşlıqlardan və QHT-lərin qərarvermə prosesinə təsirindən danışılıb
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “Davamlı və inklüziv şəhər planlaşdırılması: qlobal tərəfdaşlıqlar və QHT-lərin qərarvermə prosesinə təsiri” adlı panel təşkil edilib.
AZƏRTAC xəbər verir ki, panelin moderatoru COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai olub.
Tədbirdə çıxış edən Keniyada ətraf mühitin mühafizəsi üzrə “Consortium of Grassroots” QHT Konsorsiumunun prezidenti və “TUBAE-International” ətraf mühitin mühafizəsi təşəbbüslərin icraçı direktoru Eliud Emeri deyib ki, iqlim dəyişikliklərinin nəticələri artıq bütün dünyada açıq şəkildə müşahidə olunur. “Münaqişələr və iqlim dəyişikliklərinin təsirləri iqtisadiyyatların inkişafına və icmaların yaşayış vasitələrinə ciddi zərbə vurur. Dayanıqlılığın təmin olunması üçün həm hökumətlərin, həm də icmaların yerli təşəbbüslərə əsaslanan yanaşmaları prioritet hesab etməsi vacibdir. İcmaların rifahı onların özlərini və resurslarını necə idarə etməsindən birbaşa asılıdır”, - deyə icraçı direktor əlavə edib.
Omandakı Maskat Kollecinin Qəyyumlar Şurasının üzvü Leyla əl-Hədrami bildirib ki, qeyri-hökumət təşkilatları dövlət, özəl sektor, akademik dairələr, startap ekosistemi və cəmiyyət arasında əlaqələndirici platforma rolunu oynayır.
“QHT-lərin əsas üstünlüyü müxtəlif sahələri bir araya gətirməsindədir. QHT-lər yalnız bir sektoru deyil, dövlət qurumlarını, özəl sektoru, akademik dairələri, startapları və cəmiyyəti bir çətir altında birləşdirir”, – deyə o vurğulayıb.
BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, Qlobal Cənub QHT Platformasının yeni seçilmiş Baş katibi Fuad Kərimli və “PEP Africa Beynəlxalq təşkilatı”nın rəhbəri Melvine Vajiri Liniv könüllülərin cəmiyyətin inkişafında mühüm və aparıcı qüvvə olduğunu diqqətə çatdırıblar.
Çıxışçılar könüllülərin dayanıqlı inkişafın həyata keçirilməsində real təsirə malik olduqlarını bildiriblər.
Panel sual-cavab formasında davam edib.
Fotoqraf - Nicat Haşımov